Azərbaycanda illik inflyasiya 13 %-i keçib

Azərbaycanda illik inflyasiya 13 %-i keçib

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 113,2 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 118,9 %, qeyri-ərzaq məhsulları üzrə 107,2 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110 % təşkil edib.

“Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, bu ilin avqust ayında isə istehlak qiymətləri indeksi iyul ayına nisbətən 100,9 %, ötən ilin avqust ayı ilə müqayisədə 114,2 % olub.

O cümlədən, ötən ay ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,2 %, ötən ilin avqust ayına nisbətən 120,8 % təşkil edib. Ay ərzində ayrı-ayrı ərzaq məhsullarından daha çox artım çörəyin, unun, peçenyenin, düyünün, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, qatılaşdırılmış şəkərli südün, kəsmiyin, pendirin, yumurtanın, bitki yağlarının, limonun, xiyarın, sarımsağın, göy lobyanın, mərcinin, şəkər və şəkər tozunun, konfetlərin, kakao tozunun, kola içkisinin, limonadın, pivənin, azalma isə əsasən təzə balığın, almanın, armudun, gavalının, şaftalının, qarpızın, yemişin, üzümün, pomidorun, soğanın, kələmin, bibərin, badımcanın qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Avqust ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi isə iyul ayına nisbətən 100,6 %, ötən ilin avqust ayı ilə müqayisədə 108,9 % olub. Qeyri-ərzaq məhsullarından daha çox artım parçaların, boyaların, mebellərin, məişət cihazlarının, işıq lampalarının, minik avtomobilləri üçün ehtiyat hissələrinin, dəftərxana ləvazimatlarının, sintetik yuyuсu vasitələrin, sabunların, şampunların, diş pastalarının, azalma isə kəsilmiş taxtaların qiymətlərində müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ötən ay əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi isə əvvəlki aya nisbətən 100,7 %, ötən ilin avqust ayı ilə müqayisədə 109,5 % təşkil edib. Əhaliyə göstərilmiş ödənişli xidmətlərdən daha çox artım mənzillərin icarə haqlarında, paltarların, ayaqqabıların, mənzillərin, məişət cihazlarının təmiri, ictimai iaşə, stomatoloji, bərbərxana, kosmetoloji və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

4 + 1 =