Gürcüstanda Qurban bayramı qeyd olunub, mindən çox ailəyə sovqat paylanılıb

Gürcüstanda Qurban bayramı qeyd olunub, mindən çox ailəyə sovqat paylanılıb

Gürcüstanda Qurban bayramına həsr olunan tədbir keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) və Gürcüstandakı Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) dəstəyi ilə Marneuli rayonunun İkinci Kosalı kəndində 15 baş qurbanlıq iribuynuzlu heyvan kəsilib.

Qurban payları Gürcüstanda yaşayan I və II Qarabağ müharibəsi, 20 Yanvar şəhidlərinin ailə üzvləri, Xocalı qurbanlarının yaxınlarına paylanılıb.

Gürcüstanın Saqareco, Telavi, Dmanisi, Bolnisi, Kaspi, Axaltsixe bölgələrində yaşayan soydaşlarımız üçün də əlavə altı baş qurbanlıq heyvanının kəsimi təşkil olunub.

Aksiya ümumilikdə mindən çox ailə və sosial yardıma ehtiyacı olan şəxsi əhatə edib.

Mərasimdə çıxış edən Azərbaycanın Gürcüstandakı səfirinin müşaviri Eldar Bayramov səfir Faiq Quliyevin tədbir iştirakçılarına Qurban bayramı münasibətilə təbriklərini çatdırıb. O bildirib ki, mənəvi birlik rəmzi olan Qurban bayramı sevincini aztəminatlı soydaşlarımıza yaşatmaq savab əməllərdəndir.

QMİ-nin Gürcüstandakı səlahiyyətli nümayəndəsi Hacı Əli Əliyev İdarənin sədri Şeyxülislam Allahşükür Paşazadənin adından Gürcüstandakı bütün müsəlmanları müqəddəs bayram münasibətilə təbrik edib, onlara sağlam həyat, rifah və əmin-amanlıq arzulayıb. Ə.Əliyev kəsilən qurbanların Allah tərəfindən qəbul olunmasını diləyib.

Bayram payı alan soydaşlarımız əziz Qurban bayramı günündə Azərbaycan dövlətinin onlara göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Marneuli rayonunun Yuxarı Saral kənd sakini Həmzə Quliyev deyib ki, bütün bayramlarda olduğu kimi, Azərbaycan dövləti Gürcüstanda yaşayan azərbaycanlıları Qurban bayramında da diqqətdən kənarda qoymadı. O, aztəminatlı ailələr və sağlamlıq imkanları məhdud şəxslərin adından xeyriyyə aksiyasının təşkilində əməyi keçən hər kəsə təşəkkür edib.

Mərasim çərçivəsində Xocalı faciəsində yaxınlarını itirən Marneuli sakini Hamlet Şabanovun evinə də baş çəkilib. Səfirliyin məsul əməkdaşı Sərxan İsmayılov və AZEBİ-nin İdarə Heyətinin sədri Nəriman Qurbanov soydaşımızı və ailəsini Qurban bayramı münasibətilə təbrik ediblər. 65 yaşlı soydaşımıza avtomatlaşdırılmış əlil arabası hədiyyə olunub. O, xeyirxah əmələ görə Azərbaycanın Gürcüstandakı səfirliyi və AZEBİ-yə minnətdarlığını ifadə edib.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

twenty − twenty =