Qadınların pensiya yaşı AŞAĞI SALINA BİLƏR – TƏKLİF

Qadınların pensiya yaşı AŞAĞI SALINA BİLƏR – TƏKLİF

Bu sözləri Publika.az-a açıqlamasında Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa deyib. O, bildirdi ki, hətta bu təklifin əleyhinə çıxanlar da olur:

“Xüsusilə qadınların çoxu işləməyə davam etmək istədikləri üçün buna qarşı çıxır. Yəni, belə məsələdə birmənalı mövqe mümkün deyil və təklif cəmiyyətdə ciddi müzakirə olunmalıdır ki, sonradan total narazılıq baş verməsin. Əgər problemin həlli çoxluğun mənafeyinə tuş gələrsə, o zaman bunun üzərində düşünmək olar. Bütün hallarda belə təkliflər müzakirəyə çıxarılmalı, faydalı tərəfi varsa, qanun qəbul etmək ümumi işimizin xeyrinə olar. Kişilərin pensiya yaşının azaldılması da məsələnin bir tərəfidir. Elə yaş həddi seçilməlidir ki, təqaüdə çıxandan sonra onların ən azı 10-12 il yaşaması və bu hüquqlarından yararlanması mümkün bilsin”.

Deputatın fikrincə, ölkədə müvafiq hüquqi və sosial baza formalaşmadan pensiyanın yaş həddinin aşağı salınması mümkün deyil:

“Əvvəlcə ölkədə statistik araşdırma aparılmalı, pensiya alacaq şəxslərin sayı və büdcədən onlar üçün ayrılacaq vəsaitin həcmi dəqiqləşdirilməlidir. Müvafiq icra hakimiyyəti orqanları da bizə məlumat verməlidirlər ki, müzakirələrdə aydın təsəvvür yarana bilsin”.

Hüquq müdafiəçisi Səadət Bənənyarlı mövzu ilə bağlı Publika.az-a açıqlamasında belə bir təklifin səsləndirilməsini müsbət hal kimi dəyərləndirdi:

“İşləyən qadınların məsuliyyət yükü daha ağırdır. Onlar işdən sonra evdə də fiziki cəhətdən əziyyət çəkirlər. Xüsusilə də dünyaya gətirdikləri körpələrin sağlam böyüməsi və təlim-tərbiyəsi ilə məşğul olmaq asan deyil. Buna görə də, belə qadınların, xüsusilə də ağır işlərdə çalışanların vaxtından əvvəl təqaüdə göndərilməsi düzgün addım olar. Düşünürəm ki, parlamentdə məsələ ilə bağlı təkliflərin səsləndirilməsi və müzakirələrin sayının artması sonda öz nəticəsini verəcək”.

Hüquq müdafiəçisi həmçinin hesb edir ki, pensiya təminatı ilə bağlı siyasətdə bəzi dəyişikliklər edilməlidir:

“Artıq bunun vaxtı çatıb. Ancaq bəzi sahələrdə çalışan qadınlar yaş senzinin saxlanılmasını istəyirlər. Çünki, vaxt çatan kimi təqaüdə göndərilirlər. Onlar isə işləmək istəyirlər, amma yaşları ilə bağlı başqa iş tapa bilmirlər. Əgər normal pensiya sistemi və uyğun şərait yaradılsa, yığılan sığorta məbləğini tam və birbaşa ala bilsələr, onlar yeni iş yeri axtarmaq məcburiyyətində qalmazlar. Əksinə, alqıdları təqaüdlə özlərinə kiçik biznes sahəsi yarada, sərbəst fəaliyyət göstərə bilərlər. Təqaüdlərin ödənişində Türkiyə modelindən istifadə olunsa, effekti də çox olar. Hökumət bu məsələyə yenidən baxmalı və qadınların pensiya yaşının aşağı salınması barədə düşünməlidir. Hesab edirəm ki, qadınların pensiya yaşı əvvəlki 57-60 yaş həddinə qədər endirilməlidir”.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

one × one =